Sabirabad

Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Kür- Araz ovalığının mərkəzi hissəsində yerləşir. Sahəsi 1469,4 kv.km, əhalisi 14,7 min nəfərdir (01.01.2006). Mərkəzi Sabirabad şəhəridir.

   Rayona Sabirabad şəhəri və Ulacalı, Bulduq, Mürsəlli, Şıxlar, Qalağayın, Balakənd, Surra, Qaralı, Balvar, Axısxa, Qaralar, Qəfərli, Əsədli, Məmişlər Kürkəndi, Suqovuşan, Bulaqlı, Yastı-qobu, Qara-təpə, Nərimankənd, Əhmədabad, Yolçubəyli, Türkəndi, Narlıq, Həşimxanlı, Ətcələr, Azadkənd, Poladtuğay, Xankeçən, Çığırğan, Nizami, Nəsimi, Rüstəmli, Qardaşkənd, Hacıbəbir, Çöl Dəllək, Güdəcühür, Qaratuğay, Minbaşı, Qarağac, Beşdəli, Yaxa Dəllək, Muğangəncəli, Cəngan, Salmanlı, Çiçəkli, Moranlı, Sarxanbəyli, Çöl Beşdəli, Zalqaraağac, Şıx Salahlı, Osmanlı, Şəhriyar, Xələfli, Qaragüney, Dadaşbəyli, Yuxarı-Axtaçı, Əliləmbəyli, Çöl- Ağaməmmədli, Quruzma, Qaraqaşlı, Qəzli, Yenikənd, Kovlar, Qasımbəyli, Əsgərbəyli,Muradbəyli, Cavad, Əlicanlı, Həsənli, Zəngənə, Axtaçı, Bala Həşimxanlı, Axtaçı, Bala Həşimxanlı, Axtaçı-Muğan kəndləri daxildir.

    Sabirabad rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 16 metr aşağıdadır. Antropogen çöküntüləri yayılmışdır. Rayonda yerli əhəmiyyətli qum və gil faydalı qazıntı yataqları vardır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda 1,8 C, iyulda 26,5 C-dir. İllik yağıntı təqribən 300 mm-dir. Əsas çayı Kürdür. Sarısu göllərinin bir hissəsi Sabirabad rayonundadır. Baş Şirvan kollektorunun şimal hissəsindən keçir. Küryanı kollektorlar Sabirabad rayonu ərazisindən başlanır. Əsasən, boz-çəmən torpaqları yayılmışdır. Yarım-səhra bitkiləri üstünlük təşkil edir. Kür çayı sahilində tuqay meşələri mövcuddur. Heyvanları: çöldonuzu, bataqlıq qunduzu, qumsiçanı və s. Su və bataqlıq quşlarının qışlaqları var.

   Sabirabad iri pambıqçılıq, taxılçılıq, heyvandarlıq və bostançılıq rayonudur.

   Sabirabad rayonunda 84 ümumtəhsil məktəbi, sosial-iqtisadi kollec, peşə liseyi, tarix-diyarşünaslıq muzeyi, xalq teatrı, mədəniyyət sarayı, 41 klub, musiqi məktəbi, şahmat məktəbi, mərkəzi rayon xəstəxanası, 43 feldşer- mama məntəqəsi, 36 həkim ambulatoriyası var.

   Rayonda orta əsr yaşayış yerləri və qəbir abidələri vardır. Arxeoloji qazıntılar nəticəsində 2 şəhər qalığı aşkar edilmişdir.

Rayonun tarixi qədim dövrə təsadüf edir. Surra kəndi ərazisindən I-III əsrə aid küp qəbirlərdən tapılmış ‘antropoomorf’ və VII əsrə aid ‘zoomorf’ gil əşyalar da bunu sübut edir.

  Rayonun Zəngənə kəndində “Şəhrgah” adlanan yerdə, Surra, Qaraqaşlı kəndində “Bud Təpəsi” adlanan yerdə, Cavad kəndində ərəb bazarı adlanan yerdə, Bulaqlı, Qalaqayın kəndlərində yaşayış məskənlərinin və nekropolların olduğu aşkar edilmişdir.

   “Xavər Zəmin”- Günəşli torpaq adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. Elə o vaxtdan “Xavər- Zəmin” Qalaqayın adı ilə əvəz olunmuşdur.

  Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır. Rayonun XII-XIII əsrlərə aid tarixini muzeydəki arxeoloji tapıntılar:  Məişətdə işlədilən qablar, çıraqlar, eldəgizlər və Şirvanşahlar sülaləsinə məxsus sikkə pullar və s. eksponatlar əks etdirir.

  Rayonun Şıxlar kəndi ərazisində XVI əsrin tarixi memarlıq abidəsi olan “Baba Samid” türbəsi bu günədək öz müqəddəs adını qoruyub saxlamış xalqın ümüd yeri-ziyarətgah olaraq qalır.

   Tarixə nəzər salsaq görərik ki, rayonumuzun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı  XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, burada sənətkarlıq və ticarət daha çox inkişaf etmişdir. Səfəvi-Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmişdir. 1606-1607-ci illərdə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar. Cavad XVIII əsrin ortalarından Cavad xanlığının mərkəzi idi. Azərbaycanın və İranın bir sıra şəhərləri ilə ticarət əlaqələri saxlayırdı.

   Cavad 1768-ci ildə Quba xanlığına tabe edildi. Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra Çarizmin köçürmə siyasəti ilə əlaqədər Cavada xeyli Rus əhalisi köçürüldü. 1888-ci ildən Petropavlovka adlandırıldı. Petropavlovka Bakı Quberniyası Cavad qəzasının tərkib hissəsi idi.

    Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il May ayının 1-də Petropavlovka Salyan qəzası dairə İnqilab Komitəsinin yerli dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il May ayının 1-dən 1929-cu il Aprel ayının 8-nə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il Aprel ayının 8-də VI Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il Avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476 N_li qərarına əsasən mahal sistemi ləğv edildi və Petropavlovka müstəqil rayon oldu.

Təxminən bir il sonra, yəni 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımızda ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adı verildi.

   1959-cu ildən Sabirabad şəhər adlandırılmışdır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: